Mülki hüququn əsasları
Mülki hüquq bərabərlik, mülkiyyət toxunulmazlığı, müqavilə azadlığı və iradə sərbəstliyi prinsiplərinə əsaslanır. Əsas mənbə Mülki Məcəllədir (2000-ci il sentyabrın 1-dən qüvvədədir).
Mülki hüquq subyektləri fiziki və hüquqi şəxslərdir. Fiziki şəxsin hüquq qabiliyyəti doğulduğu andan yaranır və ölümlə sona çatır; tam fəaliyyət qabiliyyəti 18 yaşdan başlayır.
Əqdlər və öhdəliklər
Əqd mülki hüquq və vəzifələr yaratmağa yönəlmiş iradə bildirişidir. Əqdlər şifahi və yazılı (sadə yazılı, notarial) formada bağlanır. Daşınmaz əmlakla bağlı əqdlər xüsusi rəsmiləşdirmə tələb edir.
Öhdəlik borclunun kreditor xeyrinə müəyyən hərəkət etməsi və ya etməkdən çəkinməsi vəzifəsidir. Zərərin əvəzi real zərəri və əldən çıxmış faydanı əhatə edir. Ümumi iddia müddəti 3 ildir.
Vərəsəlik
Vərəsəlik qanun üzrə və ya vəsiyyət üzrə həyata keçirilir. Qanun üzrə birinci növbə vərəsələr ölənin uşaqları, arvadı (əri) və valideynləridir.
